|
Abdulla Səduqi: "Bütün bədənimdə, geyimlərimdə "mən türkəm" yazacağam, qoy "günahımın yalnız türkçülüyüm" olduğunu bütün dünya görsün" "Mən öz istəyimi dilimlə, kağızımla, bədənimdəki yazılarımla göstərəcəyəm"
Martın 10-da Təbriz həbsxanasında ölüm aclığına başlayan Güney Azərbaycan Milli Hərəkatının fəalı, jurnalist Abdulla Səduqi girov müqabilində müvəqqəti olaraq azadlığa buraxılıb. Ailəsi Səduqinin məhkəməyədək sərbəstliyinə qovuşması üçün 20 milyon tümən dəyərində olan evlərinin sənədini girov qoymalı olub.
Milli fəalı bu il yanvarın 18-də "Ettelaat" əməkdaşları həbs edib: "Təbrizdə xiyabanda tutuldum. Məni demək olar terrorçular kimi həbs etdilər. Mən də nə iş gördüyümü soruşdum, Pentaqona bomba-filan qoymamışam, mən bir yazıçıyam. Çox vəhşicəsinə davrandılar, gözlərimi bağlayıb apardılar, 22 gün "Ettelaat"ın təcridxanasında saxladılar. Bu müddət ərzində mənə ittiham irəli sürülmədi, sonra məni Təbriz həbsxanasına göndərdilər. 52 gün də orada qaldım". Abdulla Səduqi Təbrizdə nəşr olunan "Qol" qəzetinin yazarıdır. Təbrizin "Traktor" futbol klubunun icazəli afişalarını Azərbaycan türkcəsində nəşr etdiyi və həmin afişalarda şüarlar yazdığı üçün həbs olunduğunu deyir. Ona qarşı 22 ittiham irəli sürülüb. Bu ittihamlar arasında separatçılıq, hakimiyyət əleyhinə təbliğat da var. Milli fəal ittihamları qəbul etmir: "Gəldilər evdən kitablarımı, əlyazmalarımı apardılar. Sonradan "Azərbaycan üçün təbliğat aparırsan, şüarlarını yayırsan" və s. ittihamlar irəli sürməyə başladılar". O, Təbriz həbsxanasında milli fəallara və müxtəlif ittihamlarla ora düşən insanlara münasibətin həddindən artıq qeyri-insani olduğunu deyərək, gördüklərindən göz yaşı tökdüyünü bildirib: "Durum çox ağırdır. İnşaallah, oradakı vəziyyətdən yazacağam. Tək mən deyildim, orada saxlanan bütün insanlar əziyyət çəkirlər. Orada o qədər təqsirsiz insanlar var. Saxlanılanların 60 faizi günahsızdır. İnsan hüquqlarına riayət olunmur. Mən orada öz dərdimi buraxmışdım, gecə-gündüz ağlayırdım, bizim xalqımızın nə vaxt gün görəcəyini düşünürdüm. Nəzarətçiləri insanları günahsız yerə döyməyə, incitməyə məcbur edirlər. Məni isə qətldə, ağır cinayətdə təqsirləndirilənlərlə bir kameraya salmışdılar. Fikirləşirdim ki, yəqin bura axirətdir. Buradan o tərəfi yoxdur". Milli fəal qanunsuz yerə saxlanıldığını əsas gətirərək, həbsinin bir ayının tamamında aclığa başlayıb. Azadlığa buraxılmasına 4 gün qalmış isə bu aksiyanı daha sərt formada davam etdirmək qərarına gəlib. Su içməkdən də imtina edib: "Məktubumda da belə yazmışdım ki, "Ettelaat" əməkdaşlarının mənə hörmətsizliklərinə, o cümlədən mənə və milli fəallara ədalətsiz yanaşılmasına etiraz edirəm. Ədalətlə davranmasanız, mən bu aksiyanı davam etdirəcəyəm". Abdulla Səduqi həbsdən azad olunandan sonra aclığı dayandırıb. Ancaq deyir ki, yaxın vaxtlarda ona qurulacaq məhkəmə barəsində cəza təyin etsə, həm yenidən ölüm aclığına başlayacaq, həm də başqa sərt addımlar atacaq: "Günahım budur ki, türkəm. Ancaq mən türkçülüyümlə fəxr edirəm. Türk olmaq hamımıza bu ölkədə yasaqdır. Bir daha zindana düşsəm, bütün bədənimdə, geyimlərimdə "mən türkəm" yazacağam, qoy "günahımın yalnız türkçülüyüm" olduğunu bütün dünya görsün. Mənim üçün Azərbaycan bir məqsəddir. Mən öz istəyimi dilimlə, kağızımla, bədənimdəki yazılarımla göstərəcəyəm. Vursunlar, öldürsünlər, lap ölüm eşiyə çıxsın. Hər şeydən keçməyə hazıram. Mən bunun üçün and içmişəm, dustaq olanda da yazmışam divarlardan, ilqarımı qanımla ödəməyə hazıram. Nəinki mən, bütün Azərbaycan fəalları buna hazırdır. Gələcək bizimdir". Bu arada martın 9-da Abdulla Səduqi ilə bağlı təcili bəyanat vermiş "Amnesty İnternational" (Beynəlxalq Əfv Təşkilatı) azərbaycanlı jurnalistin Abdulla Səduqinin azadlığa buraxılmasını alqışlayıb.
Yaşar Həkkakpur: "Ana dilini istəyənin yolu həbsxanadan keçir"
İranda Azərbaycanlı Məhbusların Hüquqlarını Müdafiə Assosiasiyasının (ADAPP) üzvü, hüquq müdafiəçisi Yaşar Həkkakpur deyir ki, həbsxanalarda saxlanılan azərbaycanlı fəallar sıxışdırılır, milli fəalları incitməsi üçün qatilləri onların cəza çəkdikləri kameralara salırlar: "Müxtəlif bəhanələrlə onların telefonlarını kəsirlər, yaxud da zindan işçiləri Azərbaycanın ünvanına təhqiramiz ifadələr söyləməklə azərbaycanlı fəallara psixoloji təsir göstərirlər". Onun sözlərinə görə, son vaxtlar xüsusilə həbsxanalarda saxlanılan milli fəallara qarşı təzyiq və işgəncələr daha da artıb. Onlara hətta ailələrilə danışmağa da imkan verilmir. Yaşar Həkkakpur bildirir ki, İranda azərbaycanlılara qarşı repressiyalar bu ölkədə insan dəyərlərinə verilən qiymətin göstəricisidir: "Azərbaycanlıların istəkləri ana dillərində məktəblərin açılması və onlara qarşı ayrı-seçkiliyə son qoyulmasıdır. Ancaq həm İran hakimiyyətinin, həm müxalifətinin bu məsələyə çox pis baxışları var və bunların insan haqlarını istəmələrini separatçılıq kimi görürlər. Bu cür ittihamlarla onları həbsə salır və ağır şəraitdə saxlayırlar. Bu göstərir ki, İranda özləri yazdıqları qanunlara hörmətlə yanaşmırlar". ADAPP rəsmisi ötən ay ana dililə əlaqədar Ərdəbildə həbslərin qurbanı olmuş milli fəallardan da danışıb: "İranın təhlükəsizlik orqanı tərəfindən həbs olunmuş dörd milli fəal - Mehdi Əjdəri, Babək Miyami, Həsən Kərimi və Şəhruz Təxti bu günlərdə girov müqabilində azadlığa buraxılıblar. Yaxın vaxtlarda isə onların məhkəməsi keçiriləcək".
Rejimin "Azərbaycanşünaslıq simpoziomu" planı
Fars şovinist rejimi 2010-cu ilin aprelində Güney Azərbaycanın Ərdəbil şəhərində "Azərbaycanşünaslıq simpoziomu" keçirməyi planlaşdırır. Müstəqil Azərbaycan Respublikasının mövcudluğu, Güney Azərbaycanda milli oyanış və özünüdərkin genişlənməsi hər zaman olduğu kimi İranı ciddi narahat edir. Xüsusilə son illər Güney Azərbaycan və xaricdə Azərbaycan tarixi, mədəniyyəti, milli kimliyilə bağlı aparılan araşdırmalar, atılan addımlar və gənclər arasında buna rəğbətin artması fars şovinistlərinin narahatlığına və qabaqlayıcı addımlar atmasına səbəb olub. Yanvarın 20-dək simpoziumun məqalələri və başqa "tədqiqi" materialları rejimin məsləhət bildiyi "tədqiqatçılar"dan toplanılıb və bundan sonra tədbirin keçirilməsilə bağlı göstəriş verilib. Artıq bu istiqamətdə geniş təbliğata başlanılıb. Bu isə həmin simpoziumun hansı məqsədlərə xidmət edəcəyindən xəbər verir. Təbii ki, yerin də məhz Ərdəbil şəhərinin seçilməsi təsadüfi deyil. Təşkilatçıların yaydığı bildirişdə simpoziumun keçirilməsində məqsədin milli birliyi mökləmləndirmək, Azərbaycan gənclərində yaranmış kimlik böhranının həll yollarını araşdırmaq, İslam və İran tarixini "düzgün" tanıtdırmaq və Azərbaycan tarixi haqqında yayılmış "yanlış" fikirləri aradan qaldırmaq olduğu bildirilir. Bildirişdə yazıldığına görə, tədbirdə müzakirə ediləcək əsas mövzular qədim və müasir Azərbaycan tarixi, qədim və sonradan gəlmə dil və ləhcələr, coğrafi sərhədlər və Azərbaycanın müasir tarixində baş verən kimlik dəyişilməsi və yenilənməsi olacaq. Bu simpoziumun əsas təşkilatçıları İranın ali dini rəhbəri, ayətullah Əli Xamneyinin Ərdəbil əyalətində yerləşən universitetlərdəki nümayəndəlikləri və müasir İran tarixini araşdırma fondlarıdır. Xatırladaq ki, hər iki fond hökumətin nəzdində fəaliyyət göstərir və İranın şovinist cərəyanları, qurumları, şəxslərinin əsas mərkəzlərindən biri kimi Azərbaycanın tarixi, dili, kimliyinin təhrifində müstəsna rol oynayır.
Güney mətbuatı Urmiya gölünün quruma təhlükəsinin qarşısını almağa çağırır
Urmiya gölünün sürətlə quruması soydaşlarımızın ciddi narahatlığına səbəb olub. Artıq Güney Azərbaycanın başkəndi Təbriz şəhərini İranın futbol üzrə ölkə çempionatında təmsil edən "Traktor" komandasının yüz minlərlə azarkeşi Urmiya gölünün qurumasının qarşısının alınması tələbilə kampaniyaya başlayıb. Onlar bu il aprelin 2-də yerli vaxtla saat 12.00-da Urmiya gölünün ətrafında toplaşaraq insan zənciri yaradacaqlar. Bununla soydaşlarımız İrandakı mövcud hökumətin və dünya ictimaiyyətinin diqqətini gölün qurumasına cəlb etmək istəyirlər. Bu günlərdə Urmiya şəhərinin ziyalıları, milli-mədəni fəalları, yazıçıları, jurnalistləri və tələbələri də bəyanat yayaraq, təşəbbüsü alqışladıqlarını bildiriblər. İndi isə Güney Azərbaycan mətbuatı soydaşlarımızı bu kampaniyaya qoşulmağa çağırıb. "Tebrizsesi" və "Sulduz.tk" kimi vebsəhifələr də eyni bəyanatla çıxış ediblər.
"Rəhcu" dərgisi milli sərdar Səttarxanı təhqir edib
İranda nəşr olunan "Rəhcu" tələbə dərgisi Güney Azərbaycan Məşrutə Hərəkatının lideri, milli sərdar Səttarxanı təhqir edib. Jurnal milli sərdarı aşağılayaraq, onu səfil və nəyisə əldə etmək üçün pullu şəxslərin arxasınca sürünən bir insan kimi təqdim edib. Tehran Politexnik (Əmir Kəbir) Universitetinin azərbaycanlı tələbələri isə dərgidə belə bir yazının verilməsinə etiraz əlaməti olaraq bəyanat yayıblar. Sənəddə bildirilir ki, buna səbəb 2009-cu ilin iyununda keçirilmiş prezident seçkilərindən sonra ölkədə yaranmış qarşıdurmalarda soydaşlarımızın heç bir tərəfə maşa olmamasıdır. Azərbaycan türklərinin bəzi siyasi dairələrin gözləntilərini doğrultmaması və yalnız öz milli istəklərini gündəmə gətirməsi qarşı tərəfin qəzəbinə səbəb olub. Bəyanatın sonunda jurnalın hərəkəti pislənilir və ölkədə yaranmış cinahlara vasitə olaraq Azərbaycan türklərini təhqir edən kütləvi informasiya vasitələrinə xəbərdarlıq edilir.
Güneyli boksçu Azərbaycan yığmasına cəlb olunub
Martın 3-7-də Bakı şəhərində "Böyük İpək Yolu" boks turniri keçirilib. Mmüsabiqəyə Azərbaycanın 3 komandasıyla yanaşı, 7 ölkənin idmançıları da qatılıb. Yarışda ümumilikdə 91 boksçu 11 dəst medal uğrunda mübarizə aparıb. Maraqlı burasındadır ki, sayca üçüncü dəfədir keçirilən turnirə hazırda İsveçdə yaşayan güneyli soydaşımız, 16 yaşlı boksçu İlmaz Ağapur da Azərbaycanın boks üzrə yığma komandasına dəvət olunub. O, turnirdə də məhz Azərbaycanın şərəfini qoruyub.
"Traktor"dan azarkeşlərinə bayram hədiyyəsi
Güney Azərbaycanın başkəndi Təbriz şəhərini İranın futbol üzrə ölkə çempionatında təmsil edən "Traktor" komandasının rəhbərliyi Novruz Bayramı münasibətilə öz azarkeşlərini mükafatlandırmaq istəyir. Hədiyyə "Traktor" haqqında çəkilmiş sənədli filmdən ibarətdir. Klubun rəsmi www.tractorspor.ir saytında verilən məlumata görə, ""Traktor" kimi" adlı sənədli film orjinal şəkildə azarkeşlərə paylanılacaq. Eyni zamanda film komandanın rəsmi vebsəhifəsinə qoyulacaq və 2010-cu il martın 15-nə kimi Təbrizin Bəharə sərgisində nümayiş etdiriləcək. Film "Traktor"un çempionatda keçirtdiyi görüşlərdə yaşatdığı həyəcanı özündə əks etdirir. Xalq Cəbhəsi |