|
ƏRDOĞAN İSVEÇƏ RƏSMİ SƏFƏRİNDƏN İMTİNA ETDİ, STOKHOLMDAKI SƏFİR ANKARAYA ÇAĞIRILDI |
|
|
|
|
Cuma, 12 Mart 2010 |
|
Türkiyə hökuməti martın 11-i İsveç parlamentinin xarici əlaqələr komitəsində qondarma “erməni soyqırımı” iddiaları və Osmanlı imperiyasının son dövründə bəzi xalqlara qarşı soyqırımı törədilməsi ilə bağlı sənədin qəbul edilməsinə sərt etiraz edib. Ölkənin Stokholmdakı səfiri məsləhətləşmələr üçün Ankaraya çağırılıb, baş nazir Rəcəb Teyyub Ərdoğan isə martın 17-də İsveçə nəzərdə tutulan rəsmi səfərini təxirə salıb.
AzərTAc-ın məlumatına görə, Türkiyə Nazirlər Kabinetinin yaydığı bəyanatda deyilir: “İsveç parlamentinin Osmanlı imperiyasının son illərində bəzi xalqlara qarşı soyqırımı törədildiyinə dair qərarını kəskin şəkildə qınayırıq. Xalqımız və hökumətimiz əsası olmayan, böyük yanlışlıqlara yol açan bu qərarı rədd edir.
Bu qərar sentyabrda İsveçdə keçiriləcək seçkilərlə bağlı bəzi siyasi dividendlər naminə qəbul olunub. Yerli siyasi məqsədlər üçün qəbul olunan bu sənəd Türkiyə-İsveç münasibətlərinə, xalqlarımız arasındakı yaxın əməkdaşlığa və dostluğa uyğun gəlmir. Hamını tarixlə dürüst şəkildə üzləşmə üçün çağıran Türkiyədir. Tarixlə üzləşməkdən qaçanlar isə iddialarını qarşılıqlı olaraq müzakirə etməkdən və elmi şəkildə aşkara çıxarmaqdan qorxanlardır. Bu qorxunu daşıyanlar kiçik siyasi mənfəətlər güdən əcnəbi parlamentləri istismar edir və onlar tərəfindən istismar olunurlar. Osmanlı imperiyasının son dövrünə aid iddiaların İsveç parlamentində gündəliyə salınması bu cür istismarın nəticəsidir. Parlamentlərin və siyasətçilərin vəzifəsi tarix sahəsində hökm vermək deyil, tarixdən dərs çıxararaq gələcəyi inşa etməkdir”. Media Forum |