|
Özü də yer xüsusi olaraq "Azərbaycan" meydanı seçilib Fars şovinist rejimi Güney Azərbaycanın başkəndi Təbriz şəhərində əzələ nümayişinə hazırlaşır. Belə ki, martın 10-da İranın polis qüvvələri Təbrizin "Azərbaycan" meydanında yeni silah-sursatını nümayiş etdirərək, hərbi manevr keçirəcək.
Güney Azərbaycanın şərq vilayətinin polis qüvvələrinin komandanı Sərdar Nüsrəti deyib ki, məqsəd hərbi manevrdən sistemin gücünü, polisin sistemi qorumaq iradəsinə və hər an bütün təhlükələri dəf etmək qüdrətinə malik olduğunu nümayiş etdirməkdir. O bildirib ki, əzələ nümayişi Şərqi Azərbaycanın müxtəlif bölgələrində də göstəriləcək.
Siyasi fəal Rəsul İmanzadə tutulub
Ötən il İranda keçirilən prezident seçkisi zamanı keçmiş baş nazir Mirhüseyn Musəvinin Təbrizdəki seçki qərargahında fəaliyyət göstərmiş mühəndis Rəsul İmanzadə tutulub. Bir neçə gün əvvəl "Ettelaat"ın Təbriz şöbəsindən soydaşımıza zəng vurub bəzi məsələlərə aydınlıq gətirilməsi üçün onu idarəyə dəvət ediblər. Rəsul İmanzadə martın 1-də şöbəyə getdikdə dərhal həbsə salınıb. Onun hansı ittihamlara görə tutulduğu bildirilməsə də, soydaşımızın hazırda Təbriz zindanının 37-ci kamerasında saxlanıldığı vurğulanır. Rəsul İmanzadə Güney Azərbaycanın şərq əyalətinin tanınmış islahatçılarından sayılır.
Milli fəal Qadir Novruzi həbsə salınıb
Milli dəyərlərin təbliğilə məşğul olan "Arman" ("İstək") cəmiyyətinin Mərənd şöbəsinin sədri Qadir Novruzi üç gün əvvəl "Ettelaat"a çağırılıb. Soydaşımız "Güney Azərbaycan Milli Hərəkatında qadınların rolu" məsələsilə bağlı nəşr etdiyi özəl dərgilə bağlı səhər saat 09.00-dan gecə saat 23.00- qədər sorğu-suala tutulub. Dindirilmədən sonra Qadir Novruzi təcridxanaya salınıb. Həbsdən sonra siyasi fəalın mağazasını da bağlayıblar.
Kinorejissor Cəfər Pənahinin evində tutulanların adları açıqlanıb
Dünya şöhrətli azərbaycanlı kinorejissor Cəfər Pənahinin evində tutulanların adları açıqlanıb. Bunlar Məhəmməd Rəsulov (kinorejissor), İbrahim Qəfur (operator), İman Qəfuri (operator köməkçisi), Bamdad Mucani, Arian Rəhmani, Mehrdad Mirkiani, Kuruş Əsğəri, Murtuza Dehnəvi, Vəhid Vəkilifər, Mehdi Purmusa, Calal Vəfayi, Simin Novruzi, Kazım Ruzitələb, Şəmsi Sadiqi, Tahirə Məhdəvi və Əli Vahididir. Onların harada saxlanılması barədə məlumat verilmir. Xatırladaq ki, "Ettelaat" əməkdaşları martın 2-nə keçən gecə Cəfər Pənahinin mənzilinə basqın edərək, onu, xanımı Tahirə Səidi, qızı Solmaz Pənahi, həmkarları və digər qonaqlarıyla birlikdə tutaraq naməlum istiqamətə aparıblar. Evdə 4 saat axtarış aparılıb, kinorejissorun şəxsi kompüteri, əlyazmaları, son ssenarisinin mətni və bəzi əşyaları götürülüb. Cəfər Pənahinin oğlu jurnalistlərə açıqlamasında valideynlərinin həbsini atasının İrandakı müxalif "yaşıl hərəkat" və onun liderlərindən Mirhüseyn Musəvinin tərəfdarı olmasıyla əlaqələndirib.
Zəncan Universitetində etiraz aksiyası
Güney Azərbaycan Məşrutə Hərəkatının lideri, milli sərdar Səttarxanı anma mərasiminə icazə verilməməsi Zəncan Universitetinin tələbələrinin kəskin etirazına səbəb olub. Bir müddət əvvəl "El harayı" adı altında milli sərdarın şəhid düşdüyü gün keçirilməsi planlaşdırılan tədbir Zəncan valiliyinin müdaxiləsilə ləğv olunmuşdu. Bununla belə, mərasimin yaxın gələcəkdə keçirilməsinə söz verilmişdi. Tədbir Zəncan Universitetində bu il fevralın 28-də saat 15.00-dan 19.30-a qədər Azərbaycan musiqisi, sərgi nümayişi, aşıq havaları, şeir və s. ilə yenidən qeyd olunmalıydı. Ancaq yetkililər yenə də tədbirin keçirilməsinə maneçilik yaradıblar. Tələbələr isə buna etiraz əlaməti olaraq mərasimin keçirilməsi üçün nəzərdə tutulan zalın qarşısına toplaşaraq, "Yaşasın Azərbaycan!", "Azərbaycan var olsun, istəməyən kor olsun!" kimi şüarlar səsləndiriblər.
Ana dilimizi niyə unutmalıyıq?
Martın 2-də Güney Azərbaycanın başkəndi Təbriz şəhərində ana dililə bağlı konfrans keçirilib. Tədbirdə ana dilinin uşaqların formalaşmasına və milli kimliyinə təsirilə bablı ətraflı müzakirələr aparılıb. Konfrans iştirakçıları İranda müxtəlif dilli bölgələrdə uşaqların çaş-baş qaldığını, bu səbəbdən ana dillərində hansısa qüsurun mövcudluğunu düşündüklərini bildiriblər: "Eyni zamanda uşaqlarımız düşünürlər ki, anamızın bizimlə danışdığı dildə nə üçün dərs oxumaq olmaz? Bunun nə eybi var ki? Ana dilimizi niyə unutmalıyıq?". Sonda tədbir iştirakçıları fars şovinist rejimindən Güney Azərbaycanda türk və fars dillərinin birgə tədrisinə rəsmi şəkildə icazə verilməsini tələb ediblər.
Abdulla Səduqi komaya düşüb
Fevralın 18-də Təbrizin mərkəzi həbsxanasında qanunsuz saxlanılmasına etiraz əlaməti olaraq aclıq aksiyasına başlayan Güney Azərbaycan Milli Hərəkatının fəalı, jurnalist Abdulla Səduqi (Güntay) martın 2-də fiziki zəiflik səbəbilə komaya düşüb. Zindan məmurları isə soydaşımızı xərəksiz və təcili yardım maşını olmadan, yerlə sürüyə-sürüyə və döyərək klinikaya daşıyıblar. Ailəsinin verdiyi məlumata görə, martın 2-də aclıq aksiyası nəticəsində Abdulla Səduqinin mədəsində qanaxma əmələ gəlib. Eyni zamanda onun təzyiqi kəskin aşağı düşüb və güclü başgicəllənməsi başlayıb. Onun qardaşı Hüseyn Səduqi bildirib ki, milli fəal getdikcə zəifləyir və artıq 20 kiloqram çəki itirib. Xatırladaq ki, Abdulla Səduqi 2010-cu il yanvarın 18-də Təbriz şəhərində "Ettelaat" əməkdaşları tərəfindən həbs olunub. Soydaşımız "Traktor" klubunun və Təbriz Mədəniyyət və İrşad İdarəsinin rəsmi icazəsi olmasına baxmayaraq, komandanın reklam və afişalarını nəşr etmək və yaymaqla sistemin əleyhinə fəaliyyətdə günahlandırılır. O, bir ay həbsdə saxlanıldıqdan sonra məhkəmə müstəntiqinə məktub yazaraq, qeyri-qanuni saxlanıldığına etiraz əlaməti olaraq aclıq aksiyasına başladığını bildirib.
"Traktor" Urmiya gölünün qurumasından narahatdır
Güney Azərbaycanın başkəndi Təbriz şəhərini İranın futbol üzrə ölkə çempionatında təmsil edən "Traktor" komandasının yüz minlərlə azarkeşi Urmiya gölünün qurumasının qarşısının alınması tələbilə kampaniya başlayıb. Aksiyaya Güney Azərbaycanın Təbriz, Urmiya, Ərdəbil, Salmas, Qoşaçay və s şəhərlərindən də soydaşlarımızın qoşulacağı gözlənilir. Onlar bu il aprelin 2-də Urmiya gölünün ətrafında toplaşaraq insan zənciri yaradacaqlar. Bununla soydaşlarımız İrandakı mövcud hökumətin və dünya ictimaiyyətinin diqqətini gölün qurumasına cəlb etmək istəyirlər. Güney Azərbaycanın qərb vilayətinin ekoloji xidmətlər üzrə idarəsinin rəisi Abbasnəjad isə artıq gölün səthinin 250 min hektarının şoranlığa çevrildiyini bildirib. O deyib ki, Urmiya gölü parkının səthinin 570 min hektarı 2.5 metr aşağıdır. Abbasnejad göl suyunun duzluluğunun miqdarına da toxunaraq vurğulayıb ki, adi vəziyyətdə hər litr suda 180-220 qram duz olmalıdır. Ancaq bu miqdar göldə 340 qrama qədər çatır. Xatırladaq ki, son illərdə Urmiya gölündə suyun səviyyəsi sürətlə düşür. Bunun müxtəlif səbəbləri var. İran isə bu ekoloji problemin qarşısını almaq üçün heç bir tədbir görmür.
"Sina" dərgisi qapadıldı
Güney Azərbaycanın Həmədan vilayətində Azərbaycan türkcəsi və fars dillərində işıq üzü görən "Sina" adlı həftəlik dərginin şəhadətnaməsi ləğv edilib. Bu qərar İran İslam və İrşad Nazirliyinin Mətbuata Nəzarət Heyətinin martın 1-də keçirdiyi iclasda verilib. Sözügedən həftəlik jurnal Həmədan vilayətində 9 ildir fəaliyyət göstərirdi və öz səhifələrində əsasən Güney Azərbaycanın mədəni, siyasi və ictimai problemlərinə yer verirdi. Ona görə də İran İslam və İrşad Nazirliyinin Mətbuata Nəzarət Heyəti mətbuat qanununun 6-ci maddəsinin 4-cu bəndinə istinad edərək, həftəliyi etnik qarşıdurmanı qızışdırmaqda günahlandırıb. Xatırladaq ki, "Sina" həftəlik dərgisinin baş redaktoru Yədulla Şərifidir.
"Yoldaş" tələbə dərgisinin xüsusi sayı işıq üzü görüb
Zəncan Universitetində "Yoldaş" tələbə dərgisinin "Ümumdünya Ana dili Günü" başlıqlı xüsusi nömrəsi nəşr edilib. Jurnalın 15-ci nömrəsi sayılan bu sayda 21 fevral Ümumdünya Ana dili Gününə həsr olunmuş yazılar 8-ci səhifədə verilib. Eyni zamanda Tağı Rəhmani və Əlirza Sərrafidən eksklüziv olaraq alınmış müsahibələr də var. Dərgidə qeyri-fars millətlərinini öz ana dilində təhsil almasının zəruriliyi önə çəkilərək, İranda bu problemin arxasında dayanan səbəblərdən bəhs edilib. Bundan əlavə, bu ölkədə yaşayan millətlərin mədəniyyət, dil və ədəbiyyat sahələrində qeyri-bərabər imkanlarını xatırladılan jurnalda milli hüquqların bərpasının Güney Azərbaycanın ən əhəmiyyətli məsələsi olduğu vurğulanıb.
"Traktor"un oyunları canlı yayımlanacaq
Artıq Güney Azərbaycanın başkəndi Təbriz şəhərini İranın futbol üzrə ölkə çempionatında təmsil edən "Traktor"un Səhənd stadionunda keçirəcəyi ev oyunlarını izləmək üçün stadionun kassalarına getmək lazım olmayacaq. Belə ki, elektron bilet sisteminin quraşdırılması üçün "Traktor"un rəhbərliyilə Təbriz valiliyi arasında müqavilə bağlanıb. Hazırda yetkililər bununla bağlı tamamlama işlərini həyata keçirirlər. Artıq soydaşlarımız İranın futbol üzrə ölkə çempionatının 31-ci həftəsi çərçivəsində baş tutacaq "Traktor" - "Perspolis" matçına internet vasitəsilə bilet ala biləcəklər. Bundan əlavə, İranın üçüncü kanalı bundan sonra "Qırmızı qurdların" oyunlarını canlı yayımlayacaq. Təbii ki, bunun arxasında fars şovinistlərinin çirkin məqsədləri dayanır.
""Traktor"un azarkeşlərini azad edin!"
Güney Azərbaycanın başkəndi Təbriz şəhərinin divarlarına bildirişlər yapışdırılıb. ""Traktor"un azarkeşlərini azad edin!" başlıqlı bildirişlərdə həbsdə saxlanılan milli fəalların, xüsusilə Təbriz şəhərinin futbol komandasının azarkeşlərinin azadlığı tələb olunur. Bildirişlərdə "Traktor"in afişalarını Azərbaycan türkcəsində icazəli nəşr edib yaymasına baxmayaraq, 2010-cu il yanvarın 18-də həbsə alınan Abdulla Səduqinin (Güntay) adı xüsusi vurğulanır. Çünki soydaşımız həbsxanada fevralın 18-dən bəri aclıq aksiyasına başlayıb və hələ də etirazını davam etdirir. Turqut- Xalq Cebhesi |