Bildirişlər

Berlində aksiya

İyulun 31-də Almaniyanın paytaxtı Berlin şəhərində etiraz aksiyası keçirəcəkAlmanyada yaşayan azərbaycanlılar vətənsevər soydaşları və habelə demokrat insanları Güney Azərbaycanda olan ağır durumu dünyaya çatdırmaq və ...
Full Story >>

Şuranın Rəsmi baxışı

Güney Azərbaycan Milli Birlik Şurası, durum dəyərləndirməsi 4/2010Güney Azərbaycan Milli Birlik Şurası, durum dəyərləndirməsi 4/2010

Azərbaycan milli hərəkatı və İranda hakimiyət məsələsi !Azərbaycan Milli Hərəkatının ...
Full Story >>
Fars rejiminin ilaxır çərşənbə qorxusu PDF Yazdır e-Posta
Salı, 16 Mart 2010

İranın ali dini rəhbəri, ayətullah Xamneyi "Çərşənbə Suri"ni yasaqladı
Hökumət şənlik mərasimlərinin hakimiyyət əleyhinə nümayişə çevriləcəyindən ehtiyatlanır 

İran rəhbərliyi orta əsrlərin ərəb işğalçıları və ya şovinistləri kimi düşünür. Məhz həmin dövrlərin təfəkkürüylə ortaya çıxan və müqəddəs dinimizin mahiyyətinə zidd olan "O şey ki, İslamda yoxdur, deməli, küfrdür" hökmüylə türkün neçə-neçə kitabxanası yandırıldı, mədəni irsi yerlə yeksan edildi.

 İndi də bu təfəkkürlə Tehran rejimi türklərin bütün milli-mədəni tədbirlərini əngəlləməkdədir. Belə ki, martın 14-də İranın ali dini rəhbəri, ayətullah Seyid Əli Xamneyi ölkə vətəndaşlarını ilaxır çərşənbəni keçirməməyə çağırıb. Farsların törəni kimi təqdim edilən bu bayram martın 16-da keçirilir və farslar ona "Çərşənbə Suri" deyirlər. Ayətullah Xamneyinin fitvasında axır çərşənbə mərasiminin cəmiyyətdə fitnə-fəsada gətirib çıxardığı bildirilir: "Novruz Bayramının son çərşənbə mərasimi dini əsaslara söykənmir. Yəni bu törənin İslamla heç bir əlaqəsi yoxdur və o, şəriətlə təsbit edilməyib. Bu, bir növ atəşpərəstlikdir. Yaxşı olar ki, bu mərasimdən imtina edilsin. Bu bayram cəmiyyətdə pozuculuq və ziyanlı işlər yaradır". İrandakı bəzi din xadimləri də bu törənin keçirilməsinin qanunla yasaqlanmasını tələb edirlər. Belə ki, hakimiyyət tərəfdarı olan bir sıra qatı mühafizəkar ruhanilər, o sıradan ayətullah Nuri Həmədani, Cəfər Sübhani, Seyid Haşım Hüseyni Buşehri və Mahmud Rəcəbi də jurnalistlərə açıqlamalarında axır çərşənbənin dini və əqli əsaslara söykənmədiyini vurğulayaraq onun haram sayıldığını demişdilər. Halbuki vaxtilə İrandakı mollaların guya özlərinə imam saydıqları Cəfəri Sadiqdən bu bayram haqda soruşublar. O da deyib ki, bunun İslamla heç bir əlaqəsi olmasa da, çox möhtəşəm, halal bir bayramdır. Onu keçirmək istəyənlər gedib qeyd etsinlər.
Xatırladaq ki, ötən illərdə hakimiyyət nümayəndələri bu bayramın keçirilməsinə yardım edirdilər. Sadəcə, hakimiyyət vətəndaşların bu bayramı mitinqlərə çevirməsindən qorxur. Ümumiyyətlə, Xamneyinin fitvası keçmiş baş nazir Mirhüseyn Musəvinin bir neçə gün əvvəl axır çərşənbənin lehinə danışmasından sonraya təsadüf edib. Musəvi son çərşənbə axşamı mərasimini nur və işığın qaranlığa qarşı festivalı sayıldığını demişdi. Siyasi ekspertlər və İrandakı "yaşıl hərəkat" tərəfdarı olan bir sıra dinşünas alimlər, o cümlədən də Məhəmməd Cavad Əkbəri jurnalistlərə açıqlamalarında Xamneyinin fitvasının siyasi xarakter daşıdığını və hakim ruhanilərin şənlik mərasimlərindən qorxusuyla əlaqədar olduğunu bildiriblər.

Müxalifət ilaxır çərşənbəyə hazırlaşır

İranın keçmiş baş naziri Mirhüseyn Musəvinin xanımı Zəhra Rəhnəvərd jurnalistlərə açıqlamasında İrandakı "yaşıl hərəkat"ın indiki durumundan və hədəflərindən danışıb. O, "yaşıl hərəkat"ın əsasən qadınlar, fəhlələr, tələbələr və müəllimlərin hərəkatı olduğunu deyib: "Hərəkatın əsas hədəfləri qadınların tələblərilə üst-üstə düşür. Dünyanın müxtəlif inqilablarının təcrübəsi göstərir ki, qadınlar gender bərabərliyi uğrunda mübarizəni davamlı və müstəqil şəkildə aparmalıdırlar". Zəhra Rəhnəvərd İran prezidenti Mahmud Əhmədinejad hökuməti barədə əvvəlki mövqeyini təkrarlayıb: "Bundan əvvəl dəfələrlə demişəm, yenə də deyirəm ki, bu hökumət qanunsuzdur. Bu hökumətdə qadınlar əzilir, onların hüquqları tapdanır, qadınlara qarşı qanunlar qəbul edilir, ailənin dağılmasına gətirib çıxaracaq çoxarvadlılıq kimi layihələr müzakirəyə çıxarılır". "Yaşıl hərəkat" tərəfdarlarının gələn həftə Novruz Bayramının son çərşənbə axşamı keçirməyi planlaşdırdığı mərasimə qatılacağını vurğulayan Zəhra Rəhnəvərd hərbçiləri xalqın yanında olmağa çağırıb: "Mən üzümü onlara tutub deyirəm: xalqı dəyənək və gülləylə deyil, gül-çiçəklə qarşılayın".

Müşarikət Cəbhəsinə qurultay keçirməyə imkan verilmir

İranın ən mühüm islahatçı partiyalarından olan Müşarikət Cəbhəsi bəyanat yayaraq, hakimiyyətin partiyanın illik qurultayının keçirilməsinə qadağa qoyduğunu pisləyib. Sənəddə "Ettelaat" və Daxili İşlər Nazirliyinin qurultayın keçirilməsinə mane olduğu bildirilir: "Bu isə konstitusiyanın partiyaların fəaliyyətilə bağlı 26-cı maddəsinə və digər qanunlara riayət olunmadığını sübut edir". Müşarikət Cəbhəsinin hazırda 6 üzvü həbsdədir. Bəyanatda qadağaların ölkədə siyasi böhranı daha da dərinləşdirəcəyinə gətirib çıxaracağı vurğulanıb: ""Yaşıl hərəkat"ın cəmiyyətdə geniş nüfuz qazanması nəticəsində hakimiyyətlə xalq arasında necə dəhşətli bir uçurumun yarandığı artıq bəllidir. Lakin təzyiqlər və qadağalar nə qədər vüsət alsa da, ictimai və siyasi fəallar yalan imperiyasından vahiməyə düşməyəcəklər".

Mehdi Haşimi İnterpol vasitəsilə Tehrana gətirilə bilər

İran parlamentinin mühfizəkar deputatlarından biri, fraksiya rəhbəri Ruhullah Hüseynian Rəfsəncaninin oğlu Mehdi Haşimi Londondan interpol vasitəsilə Tehrana gətiriləcəyini bəyanlayıb. O bildirib ki, məhkəmə Mehdi Haşiminin Londondan ölkəyə qayıtmasını gözləməməlidir: "Biz inqilab məhkəməsinin Haşimi Rəfsəncaninin övladları Faizə və Mehdi Haşimilər haqqında cinayət işin başlamasını dəstəkləyirik. Bu, ədalətli bir iş olmalıdır ki, bununla da digər fitnəkar rəhbərlərin məhkəməyə cəlb edilməsi prosesi başlasın". Deputat məhkəmənin gedişatını ləngitməyin qanunsuz olduğunu deyib: "Mehdi Haşiminin Londona doktorluq diplomu almağa getmək məsələsi çox uzandı. O bəlkə də heç qayıtmadı. Əvvəl deyirdilər universitetə baş çəkmək üçün Londona gedib, sonradan isə atası bəyanladı ki, Mehdi doktorluq diplomu almağa gedib. Biz bunun hansını əsas götürək? Məhkəmə Mehdi Haşimini interpola müraciət etməklə ölkəyə gətirə bilər". Ruhullah Hüseynian 114 millət vəkilinin prezidentliyə keçmiş namizəd Mirhüseyn Musəvi haqda məhkəməyə ünvanladığı şikayət məktubuna da toxunub: "Hazırda məhkəmədə bu şikayət məktubu barəsində də məsələ qaldırılıb. Ümid edirəm ki, tez bir zamanda Mirhüseyn Musəvi haqqında da cinayət işinin başlanması təmin olunacaq".

İranda 2009-cu ildə ən azı 400 nəfər edam olunub

İran İnsan Haqları Təşkilatı yaydığı illik hesabatında 2009-cu ildə bu ölkədə ən azı 400 nəfərin edam olunduğunu bildirib. Bu da son 10 ildə rekord hədd deməkdir. Qurum bəzi halda mötəbər insan haqları şəbəkələrinin məlumatından istifadə etsə də, əksər halda statistika İranın rəsmi məlumatını əsaslanıb. Bu səbəbdən rəqəm bundan daha da çox ola bilər. Bu rəqəm İranda 2009-cu ilin iyununda keçirilmiş prezident seçkilərindən sonra yaranmış hadisələrdə, xiyabanlarda və ya zindanlarda öldürülənlərə şamil edilmir.
Xatırladaq ki, edam sayına görə İran Çindən sonra dünya üzrə ikinci yeri tutur. Yeniyetmələri edam etməkdə isə Tehran birinci yerdədir.

BMT İrana missiya göndərməkdə israrlıdır

Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) icraçı katibi Col Saymon deyib ki, İran ardıcıl olaraq jurnalistlərə təzyiq göstərir, onları müxtəlif ittihamlarla həbs edir: "Bu sahədə İranda durum o qədər qorxulu və acınacaqlıdır ki, qəbul olunmuş beynəlxalq qaydalarla bu ölkədə çalışan media işçilərini müdafiə etmək belə mümkün deyil. Biz əminik ki, sonunda cəhalət tərəfdarı olan İran rejimi məğlub olacaq". BMT-nin insan haqları üzrə ali komissarı Noy Play isə martın əvvəlində Cenevrədə növbəti çıxışında bir daha İranda insan haqları sahəsində durumun acınacaqlı olduğunu bildirərək, bu ölkəyə BMT nümayəndələrinin göndərilməsini yenidən tələb edib: "İranda müxaliflər qəddarlıqla susdurulur, siyasi fəallar, hüquq müdafiəçiləri və jurnalistlər əsasız ittihamlarla həbs edilir. Minlərlə insan prezident seçkilərinin rəsmi nəticələrinə etiraz etdikləri üçün ən ağır cəzalara, o cümlədən edama məhkum olunublar".

Fars rejimi valyuta ehtiyatını Ermənistanın hesabına artırır

Azərbaycanın erməni işğalı altında olan Qarabağ torpaqlarıyla bağlı məsələdə İran tərəflər arasında vasitəçilik etmək istəyini dəfələrlə bəyanlayıb. Rəsmi Tehran çeşidli beynəlxalq qurumlarda Ermənistanın işğalçı olduğunu özündə əks etdirən sənədə imza da atıb. Bununla belə, İran bu işğalçı ölkəylə əməkdaşlığı genişləndirir. Hazırda Ermənistanda İranın onlarla istehsalçı şirkəti fəaliyyət göstərir. Tehran bu yolla öz valyuta ehtiyatını artırır. İranda çıxan "Ekonomist" qəzetinin yazdığına əsasən isə 2009-cu ilin martında bu ilin həmin ayınadək olan müddətdə qızıl da daxil olmaqla, İranın valyuta ehtiyatı 15 milyard dollar azalacaq. Mənbənin məlumatına görə, qızıl istisna olmaqla, ölkənin valyuta ehtiyatı 96 milyard 309 milyon təşkil edib. Cari ildə isə bu rəqəm 15 milyard 250 milyon dollar azalaraq, 81 milyard 59 milyon dollar olub. Qarşıdan gələn ildə (2010-cu ilin martından - 2011-ci ilin martınadək) bu ehtiyatın daha 6 milyard 250 milyon dollar azalaraq, 74 milyard 809 milyon dollara enəcəyi gözlənilir. Bu istiqamətdə artım 2012-ci ildən başlayaraq müşahidə olunacaq. Məlumata görə, bir neçə il öncə Ermənistan paytaxtının cənubundakı rayonlarda boşluq və işizlik hökm sürürdü. Amma İranın istehsalçılarının və Tehranla əməkdaşlığın genişlənməsi sayəsində ölkənin bu əraziləri əsas sənaye mərkəzinə çevrilib. Masis şəhərindəki örtülü şitillik Ermənistanda ilk dəfə olaraq, İran sahibkarlarının və mütəxəssislərinin hesabına avtomatlaşdırılıb. 8 il öncə bu ölkədə açılmış konserv zavodunun direktoru Movsesyan deyib ki, bu şitillik və konserv zavodundakı avadanlığın hamısı İran istehsalıdır. 

ABŞ İrandakı dini azlıqların vəziyyətindən narahatdır 

Birləşmiş Ştatlar İranda dini zəmində təqiblərin artmasından narahatdır. ABŞ Dövlət Departamentinin nümayəndəsi Filip Krouli təkcə son bir neçə həftə ərzində bu ölkədə bəhai icmasının azı 25 üzvünün saxlanıldığını, bu təriqətdən olan 60-a yaxın adamın isə hazırda həbsdə olduqlarını deyib. Dövlət Departamenti icmanın casusluqda ittiham olunan bir neçə liderinin vəkillərlə görüşməsinə icazə verilməməsindən narahatlıq da bildirir. ABŞ Dövlət Departamentinin yaydığı illik hesabatın İrana aid hissəsində insan haqlarının vəziyyəti kəskin pislənir.

Tehrana sərt sanksiyalar tətbiqi məsələsi gündəmdədir

Finlandiyanın xarici işlər naziri Aleksender Stubb deyib ki, Avropa Birliyi ölkələri arasında İrana qarşı sanksiyaların tətbiqilə bağlı razılıq əldə olunub. AB ölkələri xarici işlər nazirlərinin Saariselka şəhərində keçirilən görüşündə Finlandiyi xarici siyasət idarəsinin rəhbəri Çin və Rusiyanı da İrana qarşı yeni sanksiyalar nəzərdə tutan BMT qətnaməsinə səs verməyə inandıra biləcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, əgər BMT-də qətnamənin qəbulu baş tutmasa, o zaman AB ölkələri İrana qarşı sanksiyaların birtərəfli qaydada tətbiqi məsələsini müzakirə edəcəklər.
Fransa xarici işlər naziri Bernard Kuşner isə vurğulayıb ki, ilk növbədə səylər BMT Təhlükəsizlik Şurasında qətnamənin qəbul edilməsi istiqamətinə yönəlməlidir: "Əks təşdirdə rəsmi Paris İranın bankları və sığorta şirkətləri, habelə müəyyən adamların səfərlərinə sanksiyalar tətbiq edə bilər". 
Bu arada BMT-nin baş katibi Pan Gi Mun bildirib ki, BMT Təhlükəsizlik Şurasının üzvləri İranın nüvə proqramıyla əlaqədar bu ölkəyə yeni sanksiyaların tətbiqinə dair müzakirələr aparır. O, müzakirələrin quruma üzv dövlətlərin diplomatları arasında, yoxsa bilavasitə Təhlükəsizlik Şurası çərçivəsində aparıldığını dəqiq söyləməyib.
Böyük Britaniyanın xarici işlər naziri Devid Milibənd isə Çində səfərdədir. Onun Pekin rəsmilərilə görüşdə İrana qarşı yeni sanksiyaların tətbiq olunması məsələsinin müzakirə ediləcəyi gözlənilir. Çünki BMT Təhlükəsizlik Şurasının veto hüquqlu, 5 daimi üzvündən biri olan Çin Tehranla müttəfiq olduğu üçün İrana daha sərt sanksiyaların qoyulmasını istəmir. Digər 3 üzv - ABŞ, Böyük Britaniya və Fransa isə sanksiya tərəfdarıdırlar. Rusiya da yeni cəza tədbirləri barədə düşünməyə hazır olduğunu bildirib. Birləşmiş Ərəb Əmirliklərində səfərdə olan ABŞ-ın müdafiə naziri Robert Qeyts deyib ki, körfəz ölkələri də Çini İrana qarşı yeni sanksiyaları dəstəkləməyə sövq etməyə hazırdırlar.

 


Turqut