Azərbaycanda bahar bayramı
Azərbaycanın muxtəlif bölgələrində çeşitli adlarla səslənən bahar bayramı ölkəmizin hər tərəfində bir az fərqli olsada ümumi qaydalar üzərində qurulmuş bir bayramdır. Hələ dilimizə bu qədər Fars sözü girmədən öncə ona “il bayramı”, “ yaz bayramı” və “bahar bayramı” diyərdilər. Ancaq “ novruz “ adinda

bir bayram mən eşitməmişdim. Bu söz bəzi oxumuşların vəya özünü savadlı göstərmək istəyənlərin tərəfindən “ ilin ilk günü “ kimi tərif edilərdi. Bunun yanında quzey Azərbacanda özəlliklə Bakıda “ novruz” sözu daha çox işlənməkdədir.

“ Bahar Bayramını” uzun illərdən sonra özəlliklə uşaqlıq və cavanlıgımda Təbriz və ətrafi habelə Urmu və ətrafında gördüklərim və ailəmizin geçirdiyi mərasimlərdən xatırlıyacagıma görə xətalarım olursa islah edilməsin bütün Azərbaycan aşıqlərindən xahiş edirəm. Özəlliklə dilçi və folklorşunas olmadıgıma göre yazı uslubu və metodologi yanlışlıqlarımı vətən eşqində çırpınan ürəyimdən axan qızıl qana bulaşmış həsrət ahlarına bagışlanmasını təmənni edərdim. Umid edirəmki, bugün ərsiyə gəlmiş dəyərli yazıçılarımız, özəlliklə yaşlı nəslimiz milli varlıgımızın qorunub saxlanılmasında əllərindən gələni əsirgəmiyəcəklər.

Bəlkə gənçliyimin oglan çagında ( 13- 18 ) Urmuda yaşayıb oradakı yüksək səviyəli   insaniyət və mədəniyətdən yadımda qalan gözəl xatirələr, bəlkədə Urmunun gözəl təbiəti- verimli topragı- bol suyu və gülər üzlü xalqının təsiri, yada bugünə qədər başına gəlmiş bəlaların tikrarından olan nigarançılığımdırki, həməşə beynimdə, dəvamlı ürəyimdədir. Ona görədə bayram törələrini oradan başlamagı sanki bir vəzifə sayıram.

Bayrama dörd həftə qalmış çərşəmbə axşamından başlanan şənliklər gənç oglanların tonqal qalıyaraq alovlandırması ile başlar . Bu iş bayram öncəsi torpaq/ot çərşəmbə axşamına qədər olan, su,od və yel adlanan günlərdə dəvam edər. Qızlı – oglanlı tonqalın ətrafında toplaşaraq oxuyub,oynarlar və odun üstündən atılaraq özəlliklə qızlar diyər “ atıl matıl çərşənbə - baxtım açıl çərşənbə”( bunu sudan da atılaraq söylərlər). Bu mərasim axır çərşəmbə günü ən yüksək səviyədə geçirilər .

O günü daha böyük tonqal qalanar , daha çox insan toplaşar, daha yaşlı insanlar hətta aqsaqqallarda şənliyə qoşularlar, toy çalınar calman gedilər. Fış-fışalar atılar,tüfənglər şaqqıldar od qalaqları uca damlarda da yandırılar, bütün millət əlində olan bütün imkanlardan istifadə edərək şənliyə şən qatmaga çalışar. O gecə isə özünə məxsus törənlərlə evlərin daxilində və eşikdə millət çərçəmbə mərasimlərin yerinə yetirərək bayram gününə hazırlanar. Göz qaraldıqdan sonra hərkəs öz evinə gedər, çərşəmbə süfrəsinin başında əyləşilər. Ananın həftələr boyu zəhmət çəkib pişirib- düşürdüyü milli yeməklərlə, bag-baxcanın pozuldugu zamandan saxlanılan “ “milaq” – “qoz” və atanın alib gətirdiyi şirniyatla bəzənmiş süfrə nemətlərindən faydalanılar.

Urmuda bayrama bir ay qalandan xanımlar qolların çırmalıyaraq hazırlıga başlar. Urmu nemətlərindən olan doşab, qoz və buna bənzər məhsullardan istifadə edərək “sucuq “ sərərlər. Hər məhəllədə neçə ailə toplaşıb bugda gövərdərlər, bayrama neçə gün qalmış onu əzib suyun çıxararaq asdıqları böyük tiyanlarda səməni pişirərlər. Səməni pişirmə mərasimi özü- özlüyüdə dəyərli bir mədəniyətdir. Tiyanın altı 3-4 gün sönməməli və bütün bu müddətdə onu uzun çömçələrlə qarışdırmalı olduqlarına görə özəlliklə gecələr xanımlar onun başına toplaşıb bəlli şeirlər oxuyub, özəl havalar oynarlar. Belə diyərlər” səməni ay səməni saxla məni- gələn il birdə göyərdərəm səni”.

Sucuq sərmə ondan asan bir iş deyildir, oda özlərinin hazırladıqları nişasta, paizda bagda pişirilmiş doşab və çırpılıb gətirilmiş qozun qarışımından hazırlanar. Günlər boyu özəl yerdə özəl təxtələr üstünə sərilmiş təmiz süfrəlrin üstündə yatırdılar, dəfələrlə çevrilər, özünə gəldiyi zaman yıgılıb qazanlara toplanar. Artırmalıyamki, Urmu şəhərində yaşayan və kökü Urmulu olan bütün ailələrin ətraf kəndlərdə uzum bagları olardı. Ona görədə yuxarıda adını çəkdiyim milli yeməklər vəya pış-pışa neyqazanı asıb “ bidmişq “ aragı çəkmək vəya paizda “nanə- şahistərəm” və başqa  insan saglamlıgına faydali olan otların aragının çəkilməsi kəndlərdə oldugu kimi şəhərlərdə də yayqın idi. Bu işlərin çoxunun qadın və kişi işbirliyinə ehtyaci olduguna görə ailədə çox yaxın ilişgiləri görmək mümkünüydü. Özəlliklə kənd həyatında qadınların böyuk rolu olardı. Ev və eşik işləri qadın və kişi arasında bərabər planlaşdırılardı. Hankı yerin bugda, haranın tutun- bostan – yeralma əkilməsi vəya ailə həyatının başqa probləmləri ailədə müzakirə olub nəticəyə baglanardı. Qadınlar əkin yerlərində özəlliklə uzum baglarında çalışdıqları kimi kişilərdə evdəki muxtəlif işlərdə iştirak ederdilər. Qdın anadır, ana  bütün çətinliklərə dözər, taki ailə dagılmasın – uşaqlar xoşbaxt olsun fəlsəfəsinə görə, bəlkədə qədim Türk ənənələrinə uyaraq   qadınların ailədəki rolu hemeşe birinciydi. Bayram törənlərində də qadınların böyük rolu inkar edilməzdir. Ona görədə bıllı-bıllı mərasimində , ərlik qız olan evlərdə ,təzə tanışdıgı sevgilisinə çərşəmbə yemişi və bayramlıq baglamağa icazə yetgisi ancaq anadaydı.(yazını bir daha oxurkən göz yaşlarımı tutamıram, tanrı Urmunun başının üstündəki qara bulutları tezliklə uzaqlaşdırsın).

Bıllı- bıllı sallamaq mərasimindən danışmaq istərkən ulu Şəhriyarın” ay nə gözəl qaydadı şal sallamaq- bəy şalına bayramlıgın baglamaq” misralarını xatırlamadan geçmək dogru deyildir. Demək, o bölgədə və bütün Azerbaycanda bu dəb varmış və bugündə dəvam edir. Axır çərşəmbə gecəsi gənc oglan uşaqları şamların yeyib- yeməmiş , dəsmallarına və ya börklərinə ip- qayış vəya bir şal baglıyaraq damlara çıxarlar və desmal sallarlar. Evin üstündə baca varsa oradan , yoxsa pəncərənin qabagından şallar sallanar və hər ev öz imkanları daxilində ona çəp-çərə baglar. Gənclər qozları toplar, sabahından başlıyaraq bayramdan bir neçə gün gedincə cəviz oynarlar. Boyanmış yumurtaları topluyaraq o günlər yumurta döyüşdürərlərki, onun özünün qaydaları var. Pulları topluyaraq o günlərdə rəsm olan muxtəlif aşıq oyunları , duvara vurdu, bajor və ona bənziyən oyunlar oynarlar. Aşıqların bəzən alçı və tovxan tərəfləri sürtülər, onun cik vəya bök durdugu zaman bir şey qazanmaz, ancaq omba durdugunda bütün oyunu udar. Aşıq heç zaman iki ayaq üstündə durmaz,  bəlkə ona görədirki, o duruşun özəl adı yoxdur.

Bıllı- bıllı gecəsi ən duygulu anlar qız öz nişanlısının dəsmalına bagladıgı bayramlıq anlarıdır. Desmali vəya börkü öncədən tanıyan qız ananın emri ilə ona çərşəmbə yemişi baglar. Ancaq ananın görməməsi şərti ilə özünündə hazırladıgı bayramlıgı baglar, baxmıyaraqkı bayramlıqlar əsasən bayram günündəki görüşlərdə verilər.
 O gecə bütün ailələrdə yaxşı və müsbət sözlər danışılmalıdır, çünki gənc oglan və qızların açar salmaları hər qapının arxasında ola bilər. Açar salanın eşitdyi sözlərin keyfiyətinə görə onun gələcək şansının necəliyi məlum olar inancındadırlar.

Bayram günü hər kəs təzə paltarların geyib, öncə erefata gedərlər və  geçmişlərinin məzari başında  halva paylayıb fatihə oxurlar. Sonra  bir- birinin görüşlərinə gedərək bayramların təbrik edərlər. Bu görüşlərdə öncəlik yasli olan ailələr və həmçinin aqqsaqqallar və qədim zaman kəndin ərbabı vəya xanı olardı. O günü il təhvil olanda kəndin vəya məhəllənin toyçusu dam üstə cıxar və böyük toyu gümbüldadar, çox çəkməzki cavanlar toplaşıb oynamaga başlarlar.
Yuxarıda da qeyd etdiyim kimi bir tərəfdə yumurta döyüşdürərlər, bir tərəfdə top oynarlar, bir tərəfdə “təzə oyunumun əl şəqqisi “ diyərək pil-dəstə oynarlar , ancaq böyüklər daha ziyadə evlərdə  görüşə oturarlar vəya görüşə gederlər.
O günü bütün ailə üzvləri bir – birinə bayramlıq verər, görüşə gələnlərində çoxu özəlliklə yaxın qohumlar uşaqlara bayramlıq verməyi unutmaz.
Fikrimcə bu bayramın ən gözəl insani dəyəri küsülülərin barışmasıdır. Umumiyətlə küsülü olanlarin özləri görüşüb barışarlar, yada görüşə getdikləri evdə bir- birlərin görub barışarlar. probləm çox böyük olursa aqsaqqallar qolların çırmalayıb bu işi yerinə yetirərlər, gənclər arasındakı küsülülər isə öz dostlarının planlaşdırdıgı və hazərladıgı görüştə güya təsadüfi bir- birlərin görüb görüşüb barışarlar, yoxsa yoldaşlarının xahişi ilə əl sıxışarlar. Bütün çabalar insanların barışması və yeni ilə küsülü girməməsi üçün yerinə yetirilər və başarılıda olar.

Bayram günü aralarında şikayət olan çoxlu ailələr barışar, polis, Jandarma və ya edliyədəki agır şəraitdən can qurtarar.
Bəzi fərqliliklər olsada bütöv Azərbaycanda demək olarki, bahar bayramı eyni qaydalarla geçər. Baxmıyaraqki şimali Azərbaycanla Güney arasında uzun müddət ayrılıq olmuşdur və özəlliklə İstalin diktatörlüyü bir tərəfdən milli günlərimizi unutdurmaga çalışırkən  bir tərəfdəndə türklük şuurumuzu əzməyə  çalışmışdır. Quzeydə geçirilən bahar bayramı törənləri güneydəki ilə çoxda fərqlənmir. Bakıda qaldığım on il müddətində bunu dərinliklərinə qədər hiss etsəmdə  Quzeydəki bəzi şənliklərin Güneydə də geçirilməsi arzularıma daxildir. Şübhə yoxdurki cənubda da əskidən qalmış dəyərli münasibətlərin şumala daşınması kültürümüzün genişlənməsi üçün zəruridir. Bakıda geçirilən bayram törənlərinin zirvəsində bayram günü şəhərin mərkəzi və başqa yerlərindəki, çal-çagır programıdır. Bakı merinin böyük diqqət və zəhmətlə hazırladıgı bu şənlikdə bütün sənətçilər iştirak edər və bir qayda olaraq dövlət başçısı şəhərin mərkəzi və içəri şəhərdə gəzintiyə çıxar, xalqla bayramlaşar, gəlin kimi bəzənmiş bahar qızı ilə rastlaşar. Bahar qızını şəhərin bir çox yerində görmək, xalqla bayramlaşmağını və bəzən gənçlərlə ən-ənəvi yumurta döyüşdüməsini görmək mümkündür.
Şumalda da güneydə olduğu kimi zəhmətkeş qadınlarımız günlər öncədən bayrama hazırliq görər və dadı damağımdan getmiyən məşhur “şəkərbura” bol- bol pişər. Gənçlər qapların arxasına bayramlıq almağa gələr, insanlar bir- birinin görüşünə gedərək bayramlaşar.

Təbriz və ətraf  kəndlərində bəzi özünə xas törənlər olsada umumi gedişat çoxda fərqlənməz.
Təbrizdə tonqal qalayıb od yandırmaq Urmu qədər əzəmətli olmasa da axir çərşənbə günü tərəqqə atmaq və fışfışa fırlatmaq bütün şiddəti ilə dəvam edər. Dəqiq xatirimdədirki o günlər özəl saxsı torpağından düzəlmiş, içinə gügürd və barıt doldurulmuş üskük boyda bir patlayan satılardı. O ayaq altında patlayıb ses verdiyi kimi gənçlərin özünün simdən düzəltdiyi bir alətə yerləşdirib , uzağa fırladılardı , yerə düşündə alovla birlikdə şaqqıldardı.

Təbriz və ətraf kəndlərində çərşənbə axşamı şal sallama və od yandırma mərasimi yerinə yetirildiyi kimi o günü nişanlı qızlara bayram payı aparılar. Anamın bayram təlaşları yadıma düşəndə, xususən nişanlılara “bayram payı” bütün analar qarşısında baş əyməyin sevincin yaşadır. Səhənd dagının ətəklərində yerləşən qarlı-boranlı və soyuq havalı kəndlərdə nişanlı qız bey şalına, qışda muxtəlif rəngli iplərdən toxudugu corabın baglar.

 Təbrizdə çərşənbəlik deyilən bu pay daha önəmli və daha qaydalı biçimdə tənzimlənər. O gün nişanlı qızın gözü qapıda olduğuna görə maddi durumundan asılı olmuyaraq  bütün nişanli ailələr qız evinə çərşənbəlik göndərər. Maddi imkani olanlar bir , bəzən daha çox xonça bəziyib hazırlayaraq ona az yaşlı bir oğlan uşağı qoşaraq qız evinə yollarlar. Özəl bir formada taxtadan düzəldilmiş bu xonçalarda umumiyətlə bulutla şirniyat, özəlliklə Təbrizdə çox məşhur olan “ qurabiyə” , nişanlı qıza donluk- ayaq qabı və çadiralıq, qaynanaya donluk, qaynataya ayaq qabı, baldızlara çadıraliq və qayınlara köynək vəya köynəklik aparılar. Maddi imkani olmuyan ailələrdə isə “məjmei” deyilən mis qablarda vəya daha kiçik sinilərdə aparılar, amma mütləq aparılar. Təbrizdə müxtəlif formada çərşənbə yemişi hazırlanar və tükanlarda satılar, ən yaxşısı məmülən Emir bazarının dalında olar. Ancaq cuvanəzənlikdə taninmış olan Təbriz qadınlarının çoxu bunu özləri hazırlar. Kişmiş, xurma, basdiq, qoz, badam və buna bənzər yiyəcəklərdən düzəldilmiş çərşənbə yemişi ancaq o gün üçündür, bayram gününə isə özəl şirniyat pişər.

Təbrizdə o gecə ümumən “balıq plov “ yeyilər, şamdan sonra yemiş məjmeisi gələr, uşaqlara pay verilər, böyüklər dəcindən faydalanar. O gecə açar salmaq böyük bir zevqlə geçirilər, beləki bəxt astanasındakı qızlar ayaqlarının altına bir açar qoyaraq evdeki danışıqlara qulaq asarlar. Ona görədirki, o gecə hamı gözəl sözlərdən danışar, toydan -bayramdan diyər və qapının arxasındakını öz arzılarına çatdırmaq üçün əlindən gələni edər.  

Bayram gününə hazırlıq günlər öncə ev- eşiyin yuğulub təmizlənmısi ilə başlar, bayram şirnisin çoxları bazardan alsada qədim ailələr onu evdə pişirərlər. Badam içini dibək-  dəstədə əzərək narinlədəndən sonra məxsus un, nişasta, bal vəya şəkərlə, sarı yağ və gülab qatılmış su ilə yogurub kiçik dairə şəklində tavada yumuşaqcasına qovrulmuş qurabiyə , lövzi və baqlava
adlandırılan bayram şirniləri günlər öncə hazırlanar. Qədim onun yumuşaq qalması üçün mis qazanlara yığılaraq  evlərdə özəl formada tikilmiş dilablarda uşaqların gözündən ıraq  saxlanılardı və bayram günü  döşənərək görüşə gələnlərə təqdim edilərdi. Əlbəttəki uşaqlarda ondan öz nəsibini alardı.

“Bayram süfrəsi evdən- evə , ailədən -ailəyə fərqli bəzənmiş olsada bu bayrama çox böyük əhəmiyət verən və bütün qaydaların titizliklə yerinə yetirməyə can atan anamın süfrəsin, sikkə- səməni- sarımsaq- su- çiraq- ayna və quran bəzərdi. İl deyişdiyi an istisnasız olaraq bütün ailə üzvləri o günə qədər geyilməmiş təzə paltarların giyərək süfrənin başında olmaliydı. İl deyişən kimi hamı bir-birinə bayramı təbrik diyərdi, böyüklər uşaqlara təzə pul vəya sikkə bayramlıq verərdi, cavanlar boyanmış yumurtaları götürüb , döyüşdürmək üçün küçəyə çıxardı”. Kənd yerlərində o gün çeşitli oyunlar yanında at çapdırmaq və dovşan ovuna çıxmaq özəlliklə Təbrizə dərs oxumaq üçün getmiş və bayramda ailələrinin yanına gəlmiş cavanlar üçün unudulmaz xatirələr olurdu. Ən maraglısı o kəndlərdə “top Ərəbi” deyilən bir oyun oynanardıki, daha ziyadə Amerikalıların bugün oynadigi əl futbalına bənzərdi. Bayram günü o kəndlərdə küsülülərin barışması qədər gözəl və dəyərli qayda milli kültür ölçüsündə tayı tapılmıyan qaydadır.

Bayramlaşmaq hələdə uzun müddət dəvam edər , kişilər ilk günlərdə görüşlərin başa çatdırsalarda qadınlar onu sürdürər. Ətraf kəndlərdə bir misal var , diyərlərki, “ qadınlar arpa biçiminə qədər bayram görüşünə gedərlər”.

Böyük Rəsuloglu
05.01.2006

Go to top